“Absheron Hotel Group” Azərbaycanda sayca dördüncü olan “BOULEVARD OTEL BAKI” otelini istifadəyə verir

Bakı 15 may 2015-ci il. “Absheron Hotel Group” Bakı Ağ Şəhər qəsəbəsində yerləşən “Boulevard Bakı Otelinin açılışını elan etməkdən qürür hissi duyur. Otel “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv otel və kurortların cəmləndiyi “Autograph Collection”-un rəsmi üzvü olacaq.

Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında, şəhər mərkəzindən şərqdə yerləşən “Boulevard Otel” Azərbaycanın ən böyük konfrans oteli olmaqla qonaqlara 818 ecazkar rahatlığa malik otaqlar təklif edir. “Boulevard Otel” paytaxtın başlıca işgüzar və mədəni mərkəzlərinə tez bir zamanda çatmaq üçün əlverişli məkanda  yerləşir və qonaqlara vaxtlarını səmərəli keçirmək üçün hər cür imkanlar təklif edir.

“Boulevard Otel Bakı” “Absheron Hotel Group”-un Azərbaycanda istifadəyə verdiyi dördüncü oteldir. İlk otel 2013-cü ilin dekabr ayında “Şahdağ” qış - yay turizm kompleksində açılışı baş tutmuş və “Absheron Hotel Group”un flaqmanına çevrilən “Pik Palace Şahdağ” (167 otaq) oteli olmuşdur. Ardınca şirkət, 2015-ci ilin Yanvar ayında “Park Chalet Şahdağ” (164 otaq) otelini və May ayında İntourist Bakı (150 otaq) otelini istifadəyə vermişdir.

“Boulevard Otel Bakı”-nın memarı dünyaca məşhur və bir çox mükafatlara layiq görülmüş Reardon Smith Architects şirkətidir.

“Boulevard Otel Bakı”nın qonaq otaqları döşəmədən tavanadək olan pəncərələrindən Xəzər dənizinə açılan möhtəşəm mənzərəsi, işgüzar və ya istirahət məqsədilə gələn qonaqların rahatlığını təmin edəcək müasir üslublu mebel və komfortlu yataqları ilə seçilir. Otel otaqlarının interyeri məşhur memarlıq şirkətlərindən olan Robert Angell Design, dəhliz və digər ərazilər isə MKV Design tərəfindən dizayn edilmişdir.

Otelin hər üç qidalanma obyektinin unikal bədii konsepti Blue Sky Hospitality dizayn şirkəti tərəfindən yaradılmışdır. Ən xırda detalların belə nəzərə alındığı qeyri-adi interyer otelin tarixini, müasir dizaynla uyğunlaşdırılmış irsini, kosmopolit dinamikliyini və qlobal məlumatlılığı özündə cəmləşdirir.

Otelin restoranlarından biri  “a la carte” sistemli və açıq havada yerləşən terrasa malik Black City Café”dir. Restoran qonaqlara müxtəlif növ qril edilmiş və hisə verilmiş Nyu York üslublu rahat yemək çeşidlərini təklif edir. “Black City Café” rahat və eyni zamanda görkəmli Brooklyn stilli bar və restoran üslubunda dinamik restorandır. Otelin interyeri sənaye tullantıları ilə çirkləndirilmiş ərazinin yenidən canlanmasını əks etdirir.

“The Green House Kitchen” isə otelin əsas restoranı olaraq qonaqlara beynəlxalq səhər yeməyi bufeti, nahar və şam yeməyi üçün isə Aralıq dənizi mətbəxi nümunələrini təklif edir. 450-dək ziyarətçini qəbul etmək imkanında olan restoran qonaqlar üçün açıq mətbəxə malikdir. Açıq mətbəx ərazisində xüsusi bitkilər və tərəvəzlərin əkildiyi canlı guşə və Aralıq dənizi mətbəxinin nümunələrinin təklif edildiyi salat guşəsi, kömürlü qril və odunla işləyən təndir restorana xüsusi gözəllik verir. Açıq havadakı və müxtəlif bitkilərlə bəzədilmiş geniş terras Xəzər Dənizinə açılan mənzərə ilə şəhər daxilində rezort hissi yaradır. Restoranın interyeri təbiətin gözəlliyini ehtiva etməklə “Baku White City” ərazisinin Xəzər dənizi sahilində yerləşən ekoloji baxımdan təmiz və ən cazibədar əraziyə çevrilməsi tarixini təcəssüm etdirir.

“The White City Lounge” sözügedən otelin lobbisində yerləşən və 24 saat xidmət təklif edən eleqant məkandır. Geniş lounge, bar, bistro və dəniz mənzərəli açıq terras konsepti daha təmiz, təbii və sağlam şəhər arzusunda olan insanlardan ilhamlanaraq yaradılmışdır.

Otelin sağlamlıq mərkəzi ən müasir tələblərə cavab verən fitnes və Spa xidmətləri təklif edir. Burada 25 metrlik qapalı üzgüçülük hovuzu, sauna, hamam və ən müasir ləvazimatlarla təchiz olunmuş idman zalı fəaliyyət göstərir. Otelin əlverişli ərazidə yerləşməsi qonaqlara Bakı Bulvarı boyunca qaçmağa və Xəzər dənizinə açılan gözəl mənzərədən zövq almağa imkan verir.

“Boulevard Hotel Baku”də fəaliyyət göstərən Spa mərkəzi qonaqlara fiziki, zehni və ruhən cavanlaşmağa, qüvvələrini bərpa etməyə imkan verəcək xidmətlər təklif edir. Spa mərkəzinin menyusuna müalicəvi masajdan başlayaraq, Böyük Britaniyanın aparıcı dəbdəbəli spa və dəriyə qulluq vasitələri istehsalçısı olan “Elemis” məhsulları ilə dəri üçün nəzərdə tutulmuş prosedurları da özündə birləşdirən müxtəlif növ xidmətlər daxildir. Məhz bu xidmətlər sayəsində qonaqlar gündəlik yorğunluq və stressdən azad ola biləcəklər.

“Boulevard Otel Bakı” 1 000-dən çox iştirakçının iştirak edə biləcəyi müxtəlif formatlı tədbirlərin həyata keçirilməsi üçün ümumi ərazisi 1 300 kvadrat metr olan böyük, sütunsuz və gün işığı ilə işıqlanan ziyafət zalını qonaqlara təqdim edir. Ziyafət zalı 500 nəfərlik toy mərasimləri və 700 nəfərlik qala gecələrinin təşkil olunması üçün hər cür şəraitə malikdir. Binanın içərisində yerləşən ecazkar bağça, foye və nisbətən kiçik sahəyə malik altı otaq hotelin möhtəşəm abu-havasını tamamlayır. Kiçik otaqlar müxtəlif miqyaslı görüşlərin, treyninqlərin, təqdimatların, müsahibə və özəl şam yeməklərinin təşkil olunması üçün nəzərdə tutulub.

“ABSHERON Hotel Group”

“ABSHERON Hotel Group” Azərbaycanda yeni hotel idarəçiliyi və inkişafı şirkəti olmaqla, beynəlxalq səviyyəli otel və kurort şəbəkələri yaratmaqla, milli və regional bazarda aparıcı mövqe tutmaq niyyətindədir. Son illərdə ölkənin sosial-iqtisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı “ABSHERON Hotel Group”un təsis olunmasını şərtləndirib və buna təkan verib.Şirkətin fəaliyyət dairəsi Bakı və onun hüdudlarından kənarda müxtəlif orta və lüks səviyyəli otel və digər mehmanxana strukturlarını əhatə edir. “ABSHERON Hotel Group”un əsas fəaliyyət sahələri qonaqpərvərlik sənayesi, aktivlərin idarə edilməsi və biznesin inkişafı istiqamətləridir. “Absheron Hotel Group” 2013-cü ilin dekabr ayında açılışı olmuş “Pik Palace Shahdag” və 2015-ci ilin fevral ayından fəaliyyət göstərən  “Park Chalet Shahdag” otellərinin də idarəçisidir. Daha ətraflı məlumat üçün: www.absheronhotelgroup.com

“Autograph Collection”

“Autograph Collection”un prizması Kolorado dağlarında 15 otaqlı butik hotellərdən Praqada XIX əsrə aid neoklassik saray stilli hotellərədək geniş çeşidli hotellər qrupudur. Əminliklə demək olar ki, hər bir hotel keyfiyyəti, orijinallığı, güclü tərzi və günümüzdə səyahət edən istənilən müasir səyahətçinin hər bir fərdi istəklərini qarşılamasından asılı olaraq seçilib. Nisbətən yeni yaranmasına baxmayaraq “Autograph Collection”un fərqli hotellər portfeli ciddi seçim prosesi və səyahət edənlərdə fərqli xatirələr yaratmasına görə müvəffəqiyyət qazanıb.

XƏBƏRLƏRƏ ABUNƏ OLMAQ

Xəbərlərə abunə olmaq üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur

ABUNƏ OLMAQ
Xəbərlərə abunə olduğunuz üçün təşəkkürlər
Error, please try again later

Üzr istəyirik, şərhlər mövcud deyil.

Otel 2015-in yayı açılmaqdadır